Səudiyyə Ərəbistanının «ACWA Power» şirkəti Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, bu gün Bakıda Energetika Nazirliyi ilə “ACWA POWER” şirkəti arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişaf etdirilməsi haqqında Memorandum imzalanıb.
Sənəd Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya qoyuluşu, bunun üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Səuidyyə Ərəbistanı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
“Ər-Riyadla müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün potensial mövcuddur. Gələcəkdə birgə işləyə biləcəyimiz hələ çox layihələr var", - deyə P.Şahbazov imzalanma mərasimindən sonra bildirib.
““ACWA POWER” şirkəti ilə əməkdaşlıq bərpa olunan enerji mənbələri sahəsində fəaliyyətin səmərəli təşkilində, bərpa olunan enerjinin istehsal xərclərinin azaldılmasında qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinə, bərpa olunan enerji layihələrinin gələcəkdə həyata keçirilməsinə töhfə verəcək”, - deyə energetika nazirinin müavini Samir Vəliyev qeyd edib.
“ACWA POWER” şirkəti əsasən bərpa olunan enerji mənbələrindən istifadə və dəniz suyunun duzsuzlaşdırılması sahələrində ixtisaslaşmış şirkət olaraq enerji və su layihələrini həyata keçirir.
Şirkət hazırda Asiya və Afrika ölkələrində, o cümlədən Misir, İordaniya və digər ölkələrdə külək və günəş enerjisi layihələrini həyata keçirir.*
N.Abbasova