Dərbənd Narın-Qalanın yenidən qurulmasında Bakının təcrübəsini öyrənmək niyyətindədir. Bunu Dərbənd şəhərinin meri Xizir Abakarov deyib.
“Biz köhnə şəhərin yenidən qurulması məsələsində Bakının təcrübəsini əsas götürmək istəyirik. Məlumdur ki, Dərbənddə də qədim qala (Narın-Qala – İF) var. Bakılı dostlarımız bu məsələ ilə bağlı köməklik vəd ediblər”, - deyə o, bu gün Bakıda jurnalistlərə bildirib.
X.Abakarovun sözlərinə görə, bununla əlaqədar nümayəndə heyəti Azərbaycan memarları ilə görüşəcək.
Mer deyib ki, Dərbənd, həmçinin küçə və həyətlərin abadlaşdırılması, zibillərin toplanması, daşınması və digər məsələlərin həllində Bakının təcrübəsini öyrənmək niyyətindədir.
Bundan başqa, Dərbənd və Bakı arasında tərəfdaşlıq əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanacaq. Sənədi X.Abakarov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov imzalayacaqlar.*
F.İsazadə