Azərbaycanda kəpək istehsalı və satışının 2 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə müvafiq dəyişikliklər layihəsi qəbul edilib.
Komitədən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, layihəyə əsasən kəpək istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad ediləcək, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışına güzəştin müddəti əlavə olaraq 1 il – 2021-ci ilədək uzadılacaq.
Bu güzəştlərin tətbiqi buğda emalı müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunmasına yönəlib.
Bundan başqa, komitə “Dövlət rüsumu haqqında” qanuna könüllü dövlət daktiloskopik qeydiyyatı və könüllü dövlət genom qeydiyyatının tətbiqini nəzərdə tutan dəyişiklikləri müzakirə edib. Bu dəyişikliklərə əsasən könüllü dövlət daktiloskopik qeydiyyatının aparılmasına görə 20 manat, könüllü dövlət genom qeydiyyatının aparılmasına görə 250 manat dövlət rüsumu müəyyən edilir.
Komitə üzvləri, həmçinin “Banklar haqqında” qanuna bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddinin tənzimlənməsini nəzərdə tutan düzəlişləri müzakirə ediblər.
Sözügedən sənədlərə parlamentin martın 29-da keçiriləcək iclasında baxılacaq.*
R.Babayev