2019-cu ilin yanvar ayında Azərbaycana $27 mln. 141,1 min dəyərində minik avtomobilləri idxal edilib ki, bu da 2018-ci ilin yanvar ayının göstəricisindən 2,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Yanvar ayında ölkəyə 2,267 min ədəd minik avtomobili gətirilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,5 dəfə çoxdur”, - deyə məlumatda bildirilir.
Yanvarda Azərbaycana $3 mln. 294,8 min dəyərində (artım 4,4 dəfə) 215 ədəd yük avtomobili (artım 2,9 dəfə), eləcə də $638,6 min dəyərində (artım 5,6 dəfə) 18 ədəd avtobus (artım 4,5 dəfə) gətirilib.
2018-ci ildə ilk dəfə olaraq ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri açıqlanıb. Ötən il respublikaya $407 mln. 634,8 min dəyərində minik avtomobilləri gətirilib ki, bu da 2017-ci ilin göstəricisindən 1,9 dəfə çoxdur. İdxal olunmuş avtomobillərin sayı 26,147 min ədəd təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 2,3 dəfə çoxdur.
Bundan başqa, 2018-ci ildə Azərbaycana $33 mln. 241,6 min dəyərində (artım 2 dəfə) 2,3 min ədəd yük avtomobili (artım 1,9 dəfə), $15 mln. 874,8 min dəyərində (artım 43,4%) 297 ədəd avtobus (artım 60%) idxal olunub.*
B.Rüstəmbəyov