Bakı və Əlcəzair neft-qaz sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalamağı planlaşdırır. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Energetika naziri Pərviz Şahbazov Əlcəzairin “Sonatrach” neft və qaz şirkətinin icraçı direktoru Əbdülmömin Uld Qaddur ilə Bakıda neft-qaz sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.
“Görüş zamanı P.Şahbazov bildirib ki, Azərbaycan və Əlcəzair hökumətləri arasında neft-qaz sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmaq üçün hazırdır. Bu sənəd karbohidrogen layihələri, neft-kimya sənayesi, LNG və neft məhsullarının nəqli və satışı kimi bir çox istiqamətdə əməkaşlığı genişləndirəcək”, - məlumatda qeyd olunur.
Bundan əlavə, P.Şahbazov BƏƏ-nin energetika və sənaye naziri Suheyl əl-Mazrui və İraqın baş nazirinin müavini, neft naziri Tamer əl-Qadban ilə ikitərəfli görüşlər keçirəcək.
Suheyl əl-Mazrui ilə görüşdə isə energetika sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.
“Qaz və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında xərclərin azaldılması və səmərəliliyə nail olunmasında BƏƏ-nin təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə əməkdaşlıq edilməsi təklif edilib”, - məlumatda vurğulanır.
Tamer əl-Qadban ilə görüşdə İraq-Azərbaycan münasibətlərindən söz açılıb, iki ölkənin neft-qaz sahəsində əməkdaşlıq əlaqələrindən bəhs edilib. “OPEC plus” formatı çərçivəsində əməkdaşlıq, SOCAR vasitəsilə İraq mənşəli, eləcə də bu istiqamətdə xam neft və neft məhsullarının dünya bazarına təchizatı, neft-qaz mütəxəssislərinin Azərbaycanda hazırlanması məsələri müzakirə olunub. **
N.Abbasova