Azərbaycanın “Karvan” şirkəti Dərbənd şəhəridə əyləncə mərkəzi inşa edəcək, investisiyaların $5 mln. səviyyəsində qiymətləndirilir. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə Dərbənd şəhərinin meri Hizri Abakarov deyib.
“Karvan” şirkəti ilə $5 mln. məbləğində müqavilə imzalamışıq (layihə Azərbaycan tərəfinin hesabına reallaşdırılacaq - İF). Müqavilə ilə “qızıl balıq” formasında ikimərtəbəli əyləncə mərkəzinin tikintisi nəzərdə tutulur”, - H.Abakarov bildirib.
Onun sözlərinə görə, mərkəzin layihəsi artıq hazırdır və iki həftədən sonra şirkətin nümayəndələri memarlarla birlikdə Dərbəndə səfər edəcəklər.
“Biz obyektin harada inşa olunacağını həll edəcəyik. Biz onu dənizdə inşa etməyi düşünürük”, - mer vurğulayıb.
O, həmçinin qeyd edib ki, Dərbənd Azərbaycana səfər edən əcnəbi turistlər üçün şəhərdə
72 saatlıq vizasız rejim tətbiq etmək niyyətindədir. “Azərbaycana səfər edən əcnəbi turistlərin məsələsinə baxılır. Biz onlar üçün Dərbənddə 72 saatlıq vizasız rejim tətbiq etmək istəyirik. Bizim 5 illik planımız var. Düşünürəm ki, gələcək 5 il ərzində bu baş verəcək”, - H.Abakarov bəyan edib.
H.Abakarov ilə müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq mümkündür. **
F.İsazadə