Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan-Ermənistan sərhədini keçmiş və erməni hərbçilərin açdığı atəş nəticəsində yaralanmış Qazax rayon sakininin azad edilməsi məsələsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlayıb. Bu barədə komissiyanın məlumatında deyilir.
“Elvin İbrahimovun azad edilməsi ilə bağlı Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlanıb, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığı diqqətə çatdırılıb”, - deyə məlumatda bildirilir.
Dövlət Komissiyası hazırda tərəflərdə saxlanılan şəxslərin hamının-hamıya prinsipi ilə azad edilməsinin zəruri olduğunu bir daha vurğulayır.
Daha əvvəl Dövlət Sərhəd Xidməti (DSX) E.İbrahimovun Ermənistan ərazisinə keçməsi barədə məlumat yaymışdı.
“Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb. Bu məlumatla əlaqədar Dövlət Sərhəd Xidməti bildirir ki, mart ayının 15-dən 16-тa keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub. Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub”, - deyə məlumatda bildirilir.
“Azərbaycan vətəndaşı Ermənistan sərhədini keçməyə cəhd edərkən zərərsizləşdirilib”, - deyə bu gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
“Aşağı ətraf nahiyəsindən yaralanan şəxsə ilkin tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə yoxdur”, - deyə o qeyd edib.*
F.İsazadə