Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar formatının dəyişdirilməsini qəbuledilməz hesab edir.
“Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yəni, bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır”, - deyə prezident İ.Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirilir.
Dövlət başçısı qeyd edib ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır.
İ.Əliyev vurğulayıb ki, münaqişənin həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq. “Əlbəttə, Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın”, - deyə prezident bildirib.
“Biz bununla bərabər, əlbəttə ki, öz hərbi gücümüzü artırırıq. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya nümayiş etdirib. Bu il və bundan sonrakı illərdə biz ordu quruculuğu üçün nə lazımsa onu da edəcəyik. Bizim hərbi hissələrimizin demək olar ki, mütləq əksəriyyəti yenidən qurulub. Azərbaycan Ordusu ən müasir texnika ilə təchiz edilir və döyüş qabiliyyətimiz gündən-günə artır”, - deyə İ.Əliyev qeyd edib.*
B.Rüstəmbəyov