Ermənistan BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq öz qüvvələrini Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarmalıdır. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycan tərəfi Ermənistanın yeni rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsini həlli istiqamətində danışıqlara hazırdır. 25 ildir problemin ədalətli həllini gözləyən Azərbaycanın bu məsələdə səbrinin həddi var. Təcavüzkar ölkə BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq öz qüvvələrini Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarmalıdır. Əks halda, Azərbaycan BMT-nin Nizamnaməsindəki hüquqdan istifadə etməyə məcbur olacaq”, - deyə H.Hacıyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində təbii sərvətləri qanunsuz olaraq istismar etməkdədir. “Bu yolverilməz halın qarşısı alınmalıdır”, - deyə H.Hacıyev qeyd edib.
Azərbaycan xalqının sülhə hazır olduğunu diqqətə çatdıran şöbə müdiri deyib ki, sülh üçün əvvəlcə ədaləti bərpa etmək lazımdır. “Bunun üçün, ilk növbədə, işğal altındakı Azərbaycan torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Ermənistan tərəfi Azərbaycan və digər qonşu dövlətlərlə sülh şəraitində yaşamaqda maraqlı olmalıdır”, - deyə H.Hacıyev vurğulayıb.*
B.Rüstəmbəyov