2019-cu ilin yanvar ayında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 4 mln. 69,1 min ton təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dəhliz çərçivəsində yüklərin 957,7 min tonu və ya 23,5%-i dəmir yolu nəqliyyatı, 2 mln. 685 min tonu və ya 66%-i avtomobil nəqliyyatı, 426,4 min tonu və ya 10,5%-i dəniz nəqliyyatının payına düşüb.
Xəbər verildiyi kimi, 2018-ci ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 52 mln. 673,9 min ton təşkil edib. Ötən il TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 9 mln. 344,8 min ton və ya bütün yüklərin 17,7%-i tranzit yüklərin payına düşüb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova