Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Ekvadorun dəstəyini yüksək qiymətləndirir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
E.Məmmədyarov və Ekvador Respublikasının xarici işlər naziri Xose Samuel Valesia Amores iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli üzrə Ekvadorun dəstəyini yüksək qiymətləndiririk. Dostluq ruhuna əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq iki xalq arasındakı ikitərəfli və çoxtərəfli dialoqun gücləndirilməsinə imkan yaradır. Hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əminəm”, - deyə E.Məmmədyarovun məktubunda bildirilir.
X.Amores məktubunda qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulması xalqlarımızın inkişafına, ümumi birgə məqsədlərə nail olunmasına və iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək.*
Ə.Məmmədov