Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Uruqvaya səfəri çərçivəsində Bakı və Montevideo arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənməlumat verilir.
“E.Məmmədyarovun Uruqvayın vitse-prezidenti, eyni zamanda Senatın sədri Lusia Topolanski və Nümayəndələr Palatasının sədri Sesilia Bottino ilə görüşləri zamanı iki ölkə arasında münasibətlərin intensivləşməsi, xüsusilə parlament diplomatiyasının rolu yüksək qiymətləndirilib”, - məlumatda deyilir.
Bu kontekstdə, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrə önəmli töhfə verdiyi qeyd olunub.
Görüşlərdə iki ölkə arasında siyasi sahədə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq ifadə edilərək, bu əməkdaşlığın iqtisadi, enerji, nəqliyyat və kənd təsərrüfatı istiqamətlərini əhatə etməsinin əhəmiyyəti vurğulanıb. “Bu kontekstdə, Uruqvayın Azərbaycan neftini idxal etməyə başlamasının təqdirəlayiq hal olduğu xüsusi qeyd edilib”, - məlumatda vurğulanır.
E.Məmmədyarov həmsöhbətlərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, müxtəlif ölkələrdəki erməni icmasının nümayəndələrinin təxribatçı fəaliyyətinin münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərdiyini bildirib.
Uruqvay parlamentinin rəhbər vəzifəli şəxsləri münaqişə ilə bağlı Azərbaycanın mövqeyini anladıqlarını və münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər. **
R.Babayev