Azərbaycan və Uruqvay müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gələcəkdə inkişafına dair konkret addımlar atmağa hazırlıq ifadə edir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov uruqvaylı həmkarı Rodolfo Nin Novoa ilə görüşdə Latın Amerikasının bir sıra dövlətlərinin artıq Azərbaycan ərazisindən keçən tranzit-nəqliyyat infrastrukturundan yararlanaraq, Asiya regionuna çıxış əldə etdiyini qeyd edib və Montevideonu bu imkanlardan istifadə etməsinin mümkünlüyünü bildirib”, - məlumatda deyilir.
Görüşdə ikitərəfli əlaqələrin uğurlu inkişafı təqdir edilib və əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti ifadə olunub. İqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, mədəniyyət və turizm sahələrində mövcud olan geniş əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi və bu istiqamətdə konkret addımlar atılmasının vacibliyi vurğulanıb.
E.Məmmədyarov Azərbaycanın 2018-ci ildə Uruqvaya ən çox neft ixrac edən 5 ölkədən biri olması faktının “ikitərəfli ticarət əlaqələrinin inkişafı istiqamətində uğurlu nümunə” olduğunu qeyd edib.
Azərbaycanlı nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Uruqvayın beynəlxalq hüquqa əsaslanan mövqeyinin məmnunluqla qarşılandığını ifadə edib. Öz növbəsində, Rodolfo Nin Novoa Bakı ilə münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətində olduqlarını qeyd edib. O əlavə edib ki, Montevideonun münaqişənin beynəlxalq hüquqa və hər iki dövlətin üzv olduğu beynəlxalq təşkilatlar tərəfdən qəbul edilmiş sənədlərə əsaslanan mövqeyi dəyişilməz qalacaq.
E.Məmmədyarov Bakı və Montevideo arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, beynəlxalq gündəmdəki əksər məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü qeyd edib. O, Qoşulmama Hərəkatının cari ilin oktyabr ayında Bakıda keçiriləcək Zirvə toplantısında Uruqvay tərəfinin də yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib. **
R.Babayev