Fövqəladə Hallar Nazirliyi Bakının Nizami rayonunda "Diqlas" ticarət mərkəzində yanğının söndürülməsinə 3 helikopter cəlb edib.
“FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri yanğının söndürülməsinə cəlb edilib”, - nazirliyin məlumatında deyilir.
Hadisə yerinə gələn fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, yanğın artıq məhdudlaşdırılır.
Ticarət mərkəzindəki yanğının qonşuluqdakı tikililərə keçməsinə imkan verilməyib, əks halda hadisənin qarşısını almaq çox çətin olardı. Çünki ticarət mərkəzinin binasının bayır hissəsinin üzləndiyi alkopon materiallar yanan maddələrdir. Bu ciddi yanğındır", - K.Heydərov jurnalistlərə bildirib.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Osmanov və digər rəsmi şəxslər hadisə yerindədirlər.
Çərşənbə axşamı səhər saatlarında "Diqlas" ticarət mərkəzində yanğın baş verib. **
F.İsazadə