Bakının Nizami rayonunda "Diqlas" Ticarət Mərkəzində baş verən yanğın 2 hektardan artıq ərazini əhatə edib. Bu barədə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov məlumat verib.
“Yanğının ümumi sahəsi 2 hektardan artıq təşkil edir. yanğınsöndürənlər hadisə yerinə çatdığı zaman ticarət mərkəzinin bir hissəsi artıq yanıb. Ticarət mərkəzi ilə yanaşı ətrafda olan obyektlər də yanıb”, - Ə.Novruzov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yanğının məhdudlaşdırılmasına baxmayaraq, zirzəmidəyanğının söndürülməsi işləri davam edir.
“Ticarət mərkəzinin birinci, ikinci, üçüncü və dördüncü mərtəbələrində yanğın artıq məhdudlaşdırılıb. Lakin binanın zirzəmisində yanğının söndürülməsi işləri davam edir. Zirzəminin bir hissəsi yanğından mühafizə olunub”, - o qeyd edib.
“Ticarət mərkəzinin mərtəbələrinin heç birində yanğınsöndürmə sistemləri olmayıb. Obyektin rəhbərliyi tərəfindən təhlükəsizlik qaydalarına ciddi riayət olunmaması səbəbindən yanğın sürətlə yayılıb. Su iki kilometr məsafədən gətirilir, bu da yanğınsöndürənlərin işini çətinləşdirir”, - Ə.Novruzov vurğulayıb.
O cümlədən, Qərargah rəisi qeyd edib ki, yanğının dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq. İlkin ehtimala əsasən, yanğın gül mağazasından başlayıb.
Onun sözlərinə görə, yanğının miqyasına baxmayaraq, yanğınsöndürənlər və xilasedicilər arasında heç kəs xəsarət almayıb. Həmçinin, mülki şəxslər arasında yaralananlar barədə məlumat yoxdur.
Ə.Novruzov bildirib ki, yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən çox yanğınsöndürən avtomobil, həmçinin FHN-nin Aviasiya dəstəsinin 3 ədəd helikopteri cəlb edilib. **
F.İsazadə