Azərbaycan prezidenti İlham Əliyev İranın cənub-qərbində daşqınlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.
“Hörmətli cənab prezident, ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi”, - Azərbaycan prezidentinin saytında dərc olunan başsağlığı məktubunda deyilir.
İ.Əliyev faciə ilə əlaqədar İran prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.
İranın cənub-qərbində daşqınlar nəticəsində təqribən 20 nəfər həlak olub, daha 70 nəfər xəsarət alıb.
Şiraz şəhəri təbii fəlakətin mərkəzində qalıb. Burada 17 nəfər daşqınların qurbanı olub.
Bütövlükdə, İranın 31 əyalətindən 25-nə daşqınlar nəticəsində ziyan dəyib. Yolları su basıb, körpülər dağılıb, elektik enerjisi ilə təchizatda problemlər müşahidə olunur. **
R.Babayev