Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Ermənistanın mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi tapşırıb. Bu barədə DSX-nin mətbuat xidmətindən məlumat verilir.
“DSX-nin rəisi Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb”, - məlumatda deyilir.
O, həmçinin Ermənistan-Azərbaycan münaqişə zonasında operativ əməliyyat şəraiti ilə tanış olub, ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında məruzələri dinləyib.
“E.Quliyev düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verib”, - məlumatda qeyd olunur.
Bundan əlavə, Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləşdirilməsi, müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sərhəd döyüş məntəqələrində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi və digər göstərişlər verilib. **
R.Babayev