Sumqayıt şəhərində "STP-3 Metaləritmə" zavodunda partlayışla əlaqədar cinayət işi başlanıb. Bu barədə Sumqayıt şəhər prokurorluğundan məlumat verilir.
“Martın 22-də təqribən saat 13:00 radələrində zavodun poladəritmə sexində partlayış baş verib. Nəticədə, fəhlələr Mürşüd Məmmədov, Vüqar Cəlilov, Ceyhun Qaraşovun və sex rəisi Minyaz Seyidəliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar”, - məlumatda deyilir.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. M.Seyidəliyev müalicə olunduğu xəstəxanada aldığı xəsarətlərdən martın 27-də vəfat edib.
“Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb”, - məlumatda qeyd olunur.
İlkin ehtimala görə, metalın əriyib sobanın soyutma radiatoruna toxunması nəticəsində partlayış baş verib. **
R.Babayev