Martın 26-da Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar cümə axşamı Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İ.Əliyev baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini, onların iş yerlərini, əmlaklarını itidiklərini bildirdi”, - məlumatda deyilir.
Dövlət başçısı qeyd edib ki, hazırda hadisənin səbəbləri araşdırılır və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlər görülür.
Prezidentin sözlərinə görə, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları sahibkarlarla görüş keçirirlər. O bildirib ki, həmin şəxslərə dövlət tərəfindən dəstək göstəriləcək.
İ.Əliyev vurğulayıb ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir. Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır. **
Rasim Babayev, Bəhram Rüstəmbəyov