Azərbaycan prezidenti İlham Əliyev dövlət strukturlarına fəaliyyət göstərən bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmasını, təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırıb.
Martın 26-da Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar cümə axşamı keçirilən müşavirə zamanı prezident İlham Əliyev bu cür tapşırıq verib.
Prezident qeyd edib ki, yanğın hadisəsinin tam araşdırılması məqsədilə komissiya yaradılacaq.
İ.Əliyev əlavə edib ki, “Diqlas” ticarət mərkəzində yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.
Müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, iqtisadiyyat naziri Şahin Mustafayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məruzə etdilər.
Xəbər verildiyi kimi, Bakının Nizami rayonunda "Diqlas" Ticarət Mərkəzində baş verən yanğın 2 hektardan artıq ərazini əhatə edib. Ticarət mərkəzi ilə yanaşı ətrafda olan obyektlər də yanıb.
FHN-nin ilkin qiymətləndirmələrinə görə, ticarət mərkəzinin rəhbərliyi tərəfindən təhlükəsizlik qaydalarına ciddi riayət olunmaması səbəbindən yanğın sürətlə yayılıb. Xüsusilə, ilkin ehtimala əsasən, yanğın gül mağazasından başlayıb.
Yanğının miqyasına baxmayaraq, heç kəs xəsarət almayıb.
Yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən çox yanğınsöndürən avtomobil, həmçinin FHN-nin Aviasiya dəstəsinin 3 ədəd helikopteri cəlb edilib. İlkin qiymətləndirmələrə əsasən, yanğın nəticəsində 1 minə qədər sahibkarın əmlakına ziyan dəyib. Hazırda dəyən ziyanın həcmi hesablanır. **
R.Babayev, B.Rüstəmbəyov