“Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərərçəkən sahibkarlara güzəştli şərtlərlə kreditlər veriləcək. Bunu prezident İlham Əliyev deyib.
“Sahibkarlara gəldikdə, dövlət onların yanında olacaq. Maliyyə dəstəyinin göstərilməsi operativ qaydada təşkil edilməlidir. Eyni zamanda, sahibkarlara güzəştli şərtlərlə kreditlər veriləcək və onlar müvəqqəti olaraq digər ticarət mərkəzlərində yerləşdiriləcəklər”, – deyə o, Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar bu gün keçirdiyi müşavirədə bildirib.
“Diqlas” ticarət mərkəzində yanğın mart ayının 26-sı saat 8.12-də baş verib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sözlərinə görə, yanğın yaxınlıqda yerləşən dönərxananın yanması səbəbindən baş verib.
K.Heydərov vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və Nizami Rayon İcra Hakimiyyətinə mərkəzdə yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı xəbərdarlıqlar göndərilib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması) üzrə cinayət işi başlanıb.
İlkin qiymətləndirmələrə görə, yanğın nəticəsində 1000 nəfərə yaxın sahibkara ziyan dəyib. Hazırda dəyən ziyanın həcmi hesablanır.*
Ə.Məmmədov