Tbilisidə səfərdə olan NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanlığının nümayəndəsi, admiral Manfred Nilson Gürcüstan ərazisində keçirilən NATO-GEO EXERCISE 2019 komanda-qərargah təlimlərində Azərbaycanın iştirakını alqışlayır.
Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə mətbuat konfransında M.Nilson qeyd edib ki, Azərbaycan Gürcüstanla qonşudur və azərbaycanlı hərbi qulluqçuların təlimlərdə iştirakı iki ölkənin hərbi sahədə birgə fəaliyyət göstərdiyinə dair “güclü siqnaldır”.
Öz növbəsində, L.İzoriya mətbuat konfransında təlimlərdə iştiraka görə Azərbaycana minnətdarlığını bildirib.
“Azərbaycan tərəfinin bu təlimlərdə iştirakı bir daha aydın şəkildə təsdiq edir ki, birgə səylərlə regionda təhlükəsizlik və sabitliyin möhkəmlənməsi məqsədilə əlimizdən gələni edirik”, - nazir qeyd edib.
Martın 18-dən etibarən Gürcüstanda NATO-GEO EXERCISE 2019 təlimləri keçirilir. Təlimlər cümə günü başa çatacaq. **