Aprelin 15-dən etibarən TANAP kəmərinin Əskişəhərdən Yunanıstan sərhəddinə qədər olan hissəsinin qazla doldurulmasına başlanılacaq. Bu barədə SOCAR-dan (ARDNŞ) məlumat verilir.
“sOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri TANAP-ın İdarə Heyətinin martın 27-də Ankarada keçirilən toplantısında iştirak ediblər. Toplantıda qeyd edilib ki, TANAP-ın Əskişəhərə qədər olan hissəsinin istismarı, Yunanıstan sərhəddinə qədər olan hissəsinin isə inşası üzrə aparılan işlər qrafiki qabaqlayaraq irəliləyir. Tikintinin qurudakı hissəsi tamamlanmışdır və həmin hissədə yekun sazlama işləri aparılır. Ümumiliklə, layihənin hər iki mərhələsi üzrə ümumi irəliləyiş artıq 99,5%-ə çatdırılıb. Aprelin 15-dən etibarən TANAP kəmərinin Əskişəhərdən Yunanıstan sərhəddinə qədər olan hissəsinin qazla doldurulmasına başlanacaq”, - məlumatda qeyd edilir.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%.* Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi $7,99 mlrd. həcmində qiymətləndirilir.
Perspektivdə boru kəmərinin ötürülmə qabiliyyəti illik 24 mlrd. kubmetr qaz, sonra isə 31 mlrd. kubmetrə çatdırılacaq.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
2019-cu ildə “Şahdəniz” konsorsiumu TANAP ilə Türkiyəyə 4 mlrd. kubmetr qaz tədarük edəcək. Ötən il TANAP qaz kəməri ilə 1 mlrd. kubmetrədək qaz nəql olunub Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%. **
A.Əzizov