Maliyyə Nazirliyi Bakının Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində baş verən yanğın nəticəsində zərər çəkmiş sahibkarlara 3 mln. manat məbləğində maddi yardımın ayrılmasını təmin edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
“Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında Azərbaycan prezidentinin sərəncamında verilmiş tapşırığın icrası olaraq cümə günü Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə 3 mln. manatın ayrılması təmin edilib”, - nazirikdən qeyd ediblər.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. İqtisadiyyat Nazirliyinə zərər çəkmiş sahibkarlara bu sərəncama əsasən ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla üç gün müddətində təsdiq etmək tapşırılıb.
Xəbər verildiyi kimi, Bakının Nizami rayonunda "Diqlas" Ticarət Mərkəzində baş verən yanğın 2 hektardan artıq ərazini əhatə edib. Ticarət mərkəzi ilə yanaşı ətrafda olan obyektlər də yanıb.
FHN-nin ilkin qiymətləndirmələrinə görə, ticarət mərkəzinin rəhbərliyi tərəfindən təhlükəsizlik qaydalarına ciddi riayət olunmaması səbəbindən yanğın sürətlə yayılıb. Yanğının miqyasına baxmayaraq, heç kəs xəsarət almayıb.
Fövqəladə hallar naziri qeyd edib ki, ticarət mərkəzində yanğın yaxınlıqda yerləşən dönərxananın yanması səbəbindən baş verib.
İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, "Diqlas" ticarət mərkəzindəki yanğın nəticəsində 171 ticarət obyektinə ziyan dəyib. **
N.Abbasova