Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bildiriblər. Bu barədə ATƏT-in bəyanatında deyilir.
“İ.Əliyev və N.Paşinyan öz ölkələrinin xarici işlər nazirlərinə yaxın gələcəkdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yenidən görüşmək barədə təlimat verdilər, həmçinin birbaşa dialoqun davam etdirilməsi barədə razılığa gəldilər”, - deyə həmsədrlərin Azərbaycan və Ermənistan liderlərinin mart ayının 29-da Vyanada görüşünün yekunları üzrə yaydıqları bəyanatda qeyd olunur.
Bəyanatda vurğulanır ki, görüş müsbət və konstruktiv şəraitdə keçib, hər iki liderin öz mövqelərinə aydınlıq gətirmək üçün imkan yaranıb.
“Onlar (liderlər – İF) tənzimləmə prosesinin bir sıra vacib məsələləri üzrə fikir mübadiləsi aparıblar. Hər iki lider sülh üçün əlverişli mühitin yaradılmasının və münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə danışıqlar prosesində konkret və tutarlı addımların atılmasının vacibliyini vurğulayıb. Prezident və baş nazir Düşənbədəki söhbətə istinad edərək atəşkəsin möhkəmləndirilməsinin və birbaşa əlaqə mexanizminin təkmilləşdirilməsinin vacibliyini yenidən təsdiq ediblər. Onlar öz ölkələrinin nazirlərinə yaxın gələcəkdə həmsədrlərlə yenidən görüşmək barədə təlimat veriblər, həmçinin birbaşa dialoqun davam etdirilməsi barədə razılığa gəliblər”, deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, prezident İ.Əliyev və N.Paşinyan mart ayının 29-da Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Vyanada ilk dəfə görüşüblər. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak ediblər.*
Ə.Məmmədov