Prezident İlham Əliyev martın 29-da Vyanada Avstriya Respublikasının federal kansleri Sebastian Kurts ilə görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət, informasiya texnologiyaları, kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə İ.Əliyev Avstriya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edib. O, həmçinin Azərbaycanda regionların iqtisadi inkişafı üzrə beşillik müddəti (2019-2023-cü illər – İF) əhatə edən proqramın qəbul olunduğunu bildirib, bu proqram əsasında Avstriya şirkətlərinin də Azərbaycan ilə əməkdaşlıq imkanlarına toxunub. Dövlət başçısı Avstriya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq Avstriya şirkətlərinin Azərbaycanın regionda yaratdığı nəqliyyat infrastrukturundan faydalana biləcəyini bildirib”, - deyə məlumatda qeyd olunur.
İ.Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla Vyanada görüşün təşkilinə və keçirilməsinə görə Avstriya tərəfinə minnətdarlığını ifadə edib.
Prezident İ.Əliyev S.Kurtsu Azərbaycana səfərə dəvət edib. Azərbaycan prezidentinin dəvətini məmnunluqla qəbul edən federal kansler Avstriyanın ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.*
Ə.Məmmədov