BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında martın 29-da Vyanada ATƏT-in Minsk qrupu çərçivəsində keçirilən ilk görüşü alqışlayır. Bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.
“Baş katib ölkə rəhbərlərinin sülhə şərait yaradan mühitin əldə olunması və uğurlu danışıqların aparlması üçün əlavə tədbirlərin görülməsinə önəm vermələrini müsbət qiymətləndirir”, - deyə məlumatda qeyd olunur.
O, həmçinin atəşkəs rejiminin gücləndirilməsi, humanitar problemlərin aradan qaldırılması, eləcə də münaqişənin sülh yolu ilə həlli üçün dialoqun davam etdirilməsinə dair ölkə rəhbərlərinin öz öhdəliklərinə sadiq qalmasını alqışlayır.
“Baş katib ATƏT-in Minsk qrupu həmsədrlərinin mühüm vasitəçilik rolunu yüksək qiymətləndirib və BMT-nin onların davamlı səylərinə tam dəstəyini yenidən bəyan edib”, - deyə məlumatda bildirilir.*
R.Babayev