Macarıstan Azərbaycan qazının 2021-ci ildən tədarük olunacağına ümid edir. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto deyib.
“Macarıstan istehlak məqsədilə Azərbaycan qazının 2021-ci ildən alınmasında maraqlıdır və mən energetika naziri Pərviz Şahbazovla tədarükə hazırlıqla əlaqədar işçi qrupunun yaradılmasına dair razılıq əldə etmişəm”, - deyə Macarıstanın Nazirlər Kabinetinin məlumatında bildirilir.
Nazir vurğulayıb ki, qaz tədarükünün şaxələndirilməsi Macarıstan üçün çox mühümdür və çoxdandır gündəlikdədir. Lakin bugünədək bu məsələdə həmişə geosiyasi və regional maneələr olub.
“Macarıstanın enerji təhlükəsizliyinin artırılması tələb edir ki, biz bir neçə mənbədən təbii qaz ala bilək. Regiona nəzər yetirdikdə, görürük ki, Azərbaycandan qaz idxalı Macarıstanın enerji təhlükəsizliyinin və yeni qaz mənbələrinin təmin edilməsi baxımından həyati əhəmiyyətli ssenarilərdən biri ola bilər”, - deyə P.Siyarto qeyd edib.
O, həmçinin deyib ki, Azərbaycandan Türkiyə və Cənub-Şərqi Avropaya qaz ixracı ildə 16 mlrd kubmetr həcmində nəzərdə tutulub. Lakin Azərbaycanda böyük ehtiyatlara malik yeni yataqların kəşf edilməsi və qaz kəmərinin (TANAP – İF) ötürmə qabiliyyətinin illik 16 mlrd. kubmetrdən 31 mlrd. kubmetrədək artırılmasına hazırlıq Avropaya daha çox qaz həcmlərinin tədarükünə imkan yaradır.
Qeyd edək ki, P.Siyarto martın 29-da Bakıda P.Şahbazov və SOCAR-ın prezidenti ilə danışıqlar aparıb. Danışıqlar zamanı P.Siyarto Macarıstanın Cənub Qaz Dəhlizi (CQD) vasitəsi ilə Avropa İttifaqına nəql olunacaq Azərbaycan qazını əldə etməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Tərəflər arasında enerji əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı danışıqlar prosesinə başlanılmasına dair ilkin razılıq əldə olunub.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb.
Layihənin dəyəri $40 mlrd.-dır.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin iyun ayından başlanılıb.*
N.Abbasova