Azərbaycan 2019-cu ilin yanvar ayında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 808,36 mln. kubmetr qaz ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 36,1% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Yanvar ayında Türkiyəyə qaz tədarükünün ümumi həcminin 13,91%-i Azərbaycan qazının payına düşüb.
Bu dövrdə Türkiyəyə 5 mlrd. 810,25 mln. kubmetr (2018-ci ilin yanvar ayı ilə müqayisədə azalma 6,54%) qaz ixrac edilib. 3 mlrd. 469,72 mln. kubmetr boru kəməri qazının, 2 mlrd. 340,53 mln. kubmetr isə LNG-nin payına düşüb.
Hesabat dövründə Azərbaycanla yanaşı, İran və Rusiyadan da boru kəməri ilə qaz nəqli həyata keçirilib.
2018-ci ildə Azərbaycan Türkiyəyə 7 mlrd. 521,15 mln. kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
* N.Abbasova