“Azərkosmos” ASC 2019-cu ilin yanvar-fevral aylarında iki peykin kommersiya istismarından $2 mln. məbləğində gəlir əldə edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“Yanvar-fevral aylarında “Azərkosmos” tərəfindən dünyanın 15 ölkəsinə xidmət ixrac edilib. Bu dövrdə xidmətin əsas həcmi Fransa, BƏƏ, Almaniya, Nigeriya və Gürcüstana ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 71%-ni təşkil edib”, - Mərkəzin məlumatlnda qeyd olunur.
Xəbər verildiyi kimi, “Azərkosmos” ASC 2018-ci ildə iki peykin kommersiya istismarından $25,6 mln. məbləğində gəlir əldə edib.
“Azərkosmos”un resurslarından istifadə edən əsas ölkələr bunlardır: Fransa, BƏƏ, Gürcüstan, Almaniya, Çin, Rusiya, Misir, CAR, Kipr, Polşa, İran, Qırğızıstan, Livan, Ukrayna, Böyük Britaniya. Ümumilikdə 20-yə yaxın ölkə ASC-nin xidmətlərindən faydalanır.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
Xəbər verildiyi kimi, 2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb. “Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir. **
B.Rüstəmbəyov