ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində addımların atılması ilə bağlı səylərini alqışlayıb.
“M.Layçak martın 31-də Bratislavada ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. M.Layçak İ.Əliyev ilə N.Paşinyanın martın 29-da Vyanada Minsk qrupunun həmsədrlərinin himayəsi altında baş tutmuş ilk görüşünün nəticələri barədə məlumatlandırılıb", - deyə təşkilatın saytında qeyd olunur.
M. Layçak danışıqlardakı konstruktiv ab-havanı, liderlərin münaqişənin sülh yolu ilə həlli üçün təsirli addımların atılması ilə bağlı səylərini alqışlayıb.
“Biz əvvəlki kimi bu prosesi müsbət qiymətləndirir, atəşkəs rejiminin gücləndirilməsinə, humanitar müstəvidə tədbirlər görülməsinə dair liderlərin öhdəliklərini tam şəkildə dəstəkləyirik”, – deyə M.Layçak bildirib.*
A.Əzizov