“Azərenerji” ASC Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığını daha da gücləndirmək məqsədi ilə yaxın vaxtlarda yeni elektrik veriliş xəttini istifadəyə verməyi planlaşdırır. Bu barədə ASC-nin məlumatında deyilir.
“220kV-luq yeni elektrik veriliş xətti Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasını “Xırdalan” yarımstansiyası ilə birləşdirəcək. Xəttin uzunluğu 108 km təşkil edəcək. Elektrik veriliş xəttinin yaxın günlərdə istismara verilməsi planlaşdırır. Layihənin reallaşdırılması Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlığının və dayanıqlılığının daha da gücləndirilməsinə yönəldilib”, - deyə məlumatda bildirilir.
“Azərenerji”nin məlumatına görə, yeni xəttin çəkilməsi şəhərə daxil olan hansısa yüksəkgərginlikli hava xəttində problem yaranarsa, yükün bir xətdən başqa xəttin üstünə keçirilməsinə imkan yarada biləcək. Yeni xətt istifadəyə verildikdən sonra digər yüksəkgərginlikli xətləri açıb, onların üzərində təmir-bərpa işləri aparmaq da asanlaşacaq.
Xəbər verildiyi kimi, 2018-ci il iyulun 3-nə keçən gecə “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkənin 39 şəhər və rayonunun enerji təchizatı kəsilib.
2018-ci ilin sentyabr ayından Azərbaycanda 2018-2020-ci illəri əhatə edən Reabilitasiya proqramı həyata keçirilir. Proqramın dəyəri 560 mln. manatdır. Ötən il “Azərenerji” bu məqsədlərə 251,5 mln. manat (cari məzənnə ilə $147,9 mln.) yönəldib.*
N.Abbasova