Hesablama Palatası Diasporla İş üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı nöqsanlar aşkar edib.
Palatanın məlumatına görə, yoxlama 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü və 13 mln. 21,5 min manat vəsaiti əhatə edib.
Auditlə müəyyən edilib ki, dövlət büdcəsindən Komitənin aparatının saxlanılmasına ayrılan vəsaitlərin icrası zamanı müxtəlif pozuntulara yol verilib.
Xüsusilə, əsas olmadan bəzi işçilərə mükafat ödənilmiş, vaxtından əvvəl əməkdaşlara ixtisas dərəcəsi verilib, Vergi Məcəlləsinin tələbləri pozularaq işçilərin aylıq gəlirindən bir neçə dəfə azadolmalar və güzəştlər tətbiq edilməklə az gəlir vergisi tutulub, Komitənin məsul şəxslərinə artıq ezamiyyə xərcləri ödənilib.
Komitənin 2018-ci il 1 iyul tarixinə 2013-2017-ci illərdə yaranmış böyük həcmdə debitor borcları olmuşdur. Bu borclar qeyd edilən illərdə tədbirlərin keçirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi üzrə yaranmış və onların bağlanması istiqamətində tədbir görülməyib.
Hesablama Palatası yol verilmiş digər nöqsanların aradan qaldırılması barədə qərar qəbul edib, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsini qərara alıb. **
Ə.Məmmədov