Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Vyanada keçirilən görüş danışıqlar formatının Azərbaycan və Ermənistan arasında aparıldığını bir daha təsdiq etdi. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Vyanada keçirilən son görüş (martın 29-da - İF), o cümlədən mövcud danışıqlar formatının təsdiq olunması nöqteyi-nəzərindən əhəmiyyət kəsb edib”, - İ.Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olduğu zaman bildirib.
Prezident qeyd edib ki, Azərbaycan Ermənistanın yeni rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi cəhdinin qarşısını alıb. “Onlar danışıqlar formatını dəyişməyə cəhd etdilər. Lakin Azərbaycanın birmənalı mövqeyi sayəsində bunun qarşısı alınıb”, - İ.Əliyev bəyan edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub və bu səbəbdən danışıqlar həmin ölkə ilə aparılmalıdır. “Bu, Ermənistanla Azərbaycan arasında münaqişədir. Əraziərimiz Ermənistan tərəfindən işğal olunub, həmin ərazilərdə həbçilərin 80%-i Ermənistan vətəndaşıdır. Buna görə danışıqlar Ermənistanla Azərbaycan arasında aparılmalıdır və aparılır”, - İ.Əliyev bildirib.
Prezident həmçinin qeyd edib ki, “münaqişənin həlli məsələsində Azərbaycanın mövqeyində dəyişiklik yoxdur”. “Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Danışıqların məqsədi Azərbaycan ərazilərinin azad olunmasıdır”, - İ.Əliyev bəyan edib
Dövlət başçısı əlavə edib ki, Ermənistanla müharibə hələ ki başa çatmayıb, ancaq birinci mərhələ bitib. “Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ ki başa çatmayıb. Yalnız birinci mərhələ başa çatıb”, - İ.Əliyev deyib. **
F.İsazadə