Azərbaycan kənd təsərrüfatı, dəmir yolu nəqliyyatı, turizm və informasiya texnologiyaları sahələrinə investisiya qoyuluşlarını davam etdirməlidir. Asiya İnkişaf Bankında (AİB) belə hesab edirlər.
"Yaxşı nəqliyyat və elektrik şəbəkələrinin yaradılmasına və kommunal xidmətlərə böyük məbləğdə investisiya qoyuluşlarına baxmayaraq, infrastrukturda boşluqlar qalmaqdadır. Kənd təsərrüfatı, dəmir yolu nəqliyyatı, turizm və informasiya texnologiyaları infrastrukturunun dəyişdirilməsi və modernləşdirilməsi, eləcə də digər tələbatlar üçün investisiya qoyuluşları davam etdirilməlidir. Azərbaycan hökumətinin qiymətləndirmələrinə görə, 2017-2020-ci illərdə bu məqsədlər üçün təxminən $7 mlrd. (ölkə üzrə ÜDM-nin 4,7%-i) tələb olunacaq", - deyə AİB-in aprelin 3-də dərc olunmuş “Asian Development Outlook 2019” hesabatında qeyd olunur.
Hesabatda vurğulanır ki, bu günə qədər kapital qoyuluşları avtomobil və dəmir yolu şəbəkələrinin, limanların və elektrik stansiyalarının yenidən qurulması və genişləndirilməsinə yönəldilib. İnvestisiyaların böyük hissəsi Azərbaycanın iri tranzit və ticarət mərkəzinə çevrilməsini nəzərdə tutan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsinə yatırılıb.
"Büdcənin əsaslı xərcləri neftin ucuzlaşması səbəbindən 2015-ci ildə ÜDM-nin 12%-dən 2016-ci ildə 7%-dək azalıb, 2017-ci ildə ÜDM-nin təxminən 7%-i səviyyəsində qalıb, 2018-ci ildə isə Dövlət Neft Fondundan transfertlərin artması nəticəsində ÜDM-nin 11%-dək artıb”, - deyə hesabatda bildirilir.
AİB qeyd edir ki, mövcud aktivlərin uzunmüddətli dayanıqlılığı sual altındadır və istismar xərclərinin ödənilməsi üçün hökumətin kommunal xidmətlərə görə müəyyən etdiyi tariflərə düzəliş edilməlidir. Eyni zamanda, dövlət tərəfindən maliyyələşdirilən infrastruktur layihələri prioritet olaraq qalır, özəl sektorun ayrı-ayrı sahələrdə iştirakı isə xidmətlərin daha səmərəli və rəqabətqabiliyyətli olmasını təmin edə bilər.*
Ə.Məmmədov