2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana 360 mindən çox xarici vətəndaş səfər edib. Bu barədə Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə məlumat verib.
"Cari ilin ilk iki ayı ərzində müxtəlif ölkələrin 360 mindən çox vətəndaşı Azərbaycana səfər edib", - deyə o, aprelin 4-də “Ekspo-mərkəz”də açılacaq 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ilin əvvəlindən Azərbaycana gələn əcnəbilərin əksəriyyəti Rusiya və Gürcüstan vətəndaşlarıdır.
"Həmçinin son illərdə Yaxın Şərq ölkələrindən turist axınında da artım müşahidə edilir. Cənubi Asiya ölkələrindən (Pakistan, Hindistan) Azərbaycana gələn turistlərin sayı 70%, Mərkəzi Asiyadan (Özbəkistan, Qazaxıstan, Tacikistan və s.) olan turistlərin sayı isə 30% artıb", - deyə K.Quluzadə vurğulayıb.
O qeyd edib ki, 2018-ci ildə Azərbaycana 2,8 mln. xarici turist gəlib və onlar ölkədə 2 mlrd. manat xərcləyiblər.*
R.Babayev