Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən külli miqdarda qanunsuz istehsal edilmiş və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilib. Bu barədə nazirlikdən məlumat verilir.
“Müəyyən edilib ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən fərdi yaşayış evlərindən birində vətəndaş Əliyev Şahin spirt məhsulları kustar üsulla bahalı içkilərə aid şüşə qablara doldurur. Məhkəmə qərarı əsasında fərdi yaşayış evində aparılmış axtarış zamanı Rusiya və yerli istehsal adlı 1059 ədəd saxta aksiz markası, 286 ədəd hazır alkoqollu içki, 52 qutu boş şüşə, 15 qutu qapaq, 5 qutu tıxac, 1 qutu və 2 bağlama etiket aşkar edilib. Aşkar edilmiş faktlar üzrə cinayət işi qaldırılıb, Ş.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.
Bundan başqa, Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi həyət evində bir sıra brend markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanması müəyyən edilib. “Həmin ünvanda yerləşən Həmidov Əlövsətə məxsus həyət evində qonşu ölkələrdən ucuz yuyucu vasitələri alaraq onları texniki duzla qarışdırıb brend markalı yuyucu vasitələrin qutularına doldurulub. Baxış zamanı məhsulların hazırlanması məqsədilə istifadə edilməmiş boş qutular və etiketlər aşkar edilib. Qeyd olunan faktlarla əlaqədar araşdırma aparılır”, - məlumatda qeyd edilir. **
Ə.Məmmədov