Azərbaycan prezidenti İlham Əliyev Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.
Ədliyyə Nazirliyinə tapşırılır ki, normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan prezidentinə təqdim etsin.
Fərmanda qeyd olunur ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılacaq.
Həmçinin fərmanda bildirilir ki, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması labüddür.
Bundan əlavə, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması tapşırılıb. **
B.Rüstəmbəyov