Azərbaycan mütləq ərazi bütövlüyü və suverenliyini bərpa edəcək, işğaldan azad olunan ərazilərdə Azərbaycan bayrağı dalğalanacaq. Bunu birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva deyib.
“Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq”, - M.Əliyeva Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüş zamanı bildirib.
Hərbçilərə müraciət edən birinci vitse-prezident qeyd edib ki, “fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”.
“Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz... Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər”, - M.Əliyeva qeyd edib.
O bəyan edib ki, Azərbaycan dövləti və Heydər Əliyev Fondu 2016-cı il aprel döyüşlərində sağlamlığını itirən əsgərlər üçün istənilən problemin həlli üçün əlindən gələni etməyə hazırdır.
Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin reallaşdırılması barədə məlumat verib. Onun sözlərinə görə, artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub.
A.Ələkbərov M.Əliyevanın görüş iştirakçılarına müraciətini oxuyub. “2016-cı il aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq. Aprel döyüşləri Azərbaycan xalqının vətənpərvərliyini, həmrəyliyini və yenilməz iradəsini bir daha nümayiş etdirdi. Məhz Aprel döyüşlərinin cəsarətli iştirakçılarının qəhrəmanlığı nəticəsində bu gün Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı üçün böyük dərddir. Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərərək ömürlərini Vətən yolunda qurban verdilər, şəhid oldular. Öz həyatını Vətən naminə qurban vermiş mərd oğullarımızın xatirəsi bizim qəlbimizdə daim yaşayacaq”, - müraciətdə deyilir. **
R.Babayev