BMT Azərbaycandan sülhməramlı kontingentini artırmağı xahiş edib. Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov məlumat verib.
Nazirin sözlərinə görə, BMT baş katibinin müavini - BMT-də sülhməramlı əməliyyatlar departamentinin rəhbəri Jan Pyer Lakrua mart ayının sonunda Nyu-Yorkda Z.Həsənovla görüşdə bu xahişlə çıxış edib.
“BMT baş katibinin müavini (J.P. Lakrua - İF) ilə görüş zamanı biz ətraflı söhbət etdik. Onlar əlavə hərbi qüvvə üçün bizə müraciət etdilər. Təbii ki, bu, siyasi məsələdir. Bütün bunları təhlil etdikdən sonra mən prezidentə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə raport verəcəm. Qərarı prezident qəbul edəcək", - deyə Z.Həsənov AzTV-yə müsahibəsində bildirib.
Hərbi mənbələrdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, söhbət Cənubi Sudandakı sülhməramlıların sayının artırılmasından gedir.
"BMT təşkilatın mandatı altında Cənubi Sudanda həyata keçirilən sülhməramlı missiyada iştirak edən hərbçilərin sayının artırılmasını xahiş edir", - deyə agentliyin müsahibi bildirib.
Bununla belə, o, Cənubi Sudanda Azərbaycan sülhməramlı kontingentinin sayının nə qədər artacağı barədə məlumat verməyib.*
F.İsazadə