Azərbaycanın müdafiə naziri general-polkovnikZakir Həsənov bildirib ki, Ermənistanla müharibənin başlayacağı təqdirdə o, erməni həmkarı David Tonayanla Yerevanda görüşəcək.
D.Tonayan Nyu-Yorkdakı erməni icması ilə görüşdə bildirib ki, “sülh naminə ərazi” formulunu “yeni ərazilər üçün yeni müharibə” formulu ilə əvəz edib.
“Mən bunu eşidəndə dedim ki, nə olardı, Ermənistan ordusu hücuma keçərdi. Onda mən onunla Yerevanda görüşərdim”, - deyə o, AzTV-yə müsahibəsində qeyd edib.
Z.Həsənov vurğulayıb ki, çox şey danışmaq olar, amma dediyin sözün arxasında durmaq imkanın da olmalıdır. Hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar.
“D.Tonayan hərbçi deyil. Yəqin onun rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur. Onların buna imkanı yoxdur", - deyə Z.Həsənov əlavə edib.
O qeyd edib ki, D.Tonayanın bəyanatları erməni cəmiyyətini daxili sosial-iqtisadi problemlərdən yayındırmağa yönəlib.
“Ondan (D.Tonayandan – İF) əvvəlkilər deyirdilər ki, bizə pul verin bel alacağıq, xəndək qazacağıq, yoxsa türklər üstümüzə gəlirlər. İndikilər isə belin qiymətindən daha çox pul dilənirlər ki,silah alıb Azərbaycan Ordusuna hücum etməyə cəhd göstərsinlər. Ermənistanın nə iqtisadiyyatı, nə güclü ordusu, nə silahı, nə şəxsi heyəti, nə də ki, digər imkanı var. Ona görə də Ermənistan Azərbaycana hücum edə bilməz. İndi ötən əsrin90-cı illəri deyil”, - deyə müdafiə naziri vurğulayıb.*
F.İsazadə