“AccessBank” QSC rəhbərliyin strukturunda baş direktor vəzifəsi yaradıb. Bu barədə bankın məlumatında deyilir.
Bu vəzifələr Elşən Pirmalıyev və Natia Beriaya həvalə edilib
“E.Pirmalıyev indiyə qədər “Access Bank”ın biznes və pərakəndə müştərilər üzrə icraçı direktoru olub, N.Beria isə Almaniyanın “Inspiring Development GmbH” şirkətində baş bankir vəzifəsində çalışıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Vaqif Babayev kiçik və orta biznes müştəriləri, Günay Cəlilova korporativ bankçılıq və marketinq, Fəridə Pirverdiyeva maliyyə və beynəlxalq əlaqələr, Səbuhi Süleymanlı isə maliyyə restrukturizasiyası və kreditlərin bərpası üzrə icraçı direktor təyin ediliblər. İndiyə qədər V.Babayev və S.Süleymanlı eyniadlı departamentlərin direktoru vəzifələrində çalışıblar.
Məlumata görə, yeni vəzifədə Günay Cəlilova Korporativ bankçılıq və Marketinq departamentlərini, həmçinin Müştərilərlə əlaqə mərkəzini kurasiya edəcək. F.Pirverdiyevanın nəzarətində isə beynəlxalq əlaqələr, maliyyə hesabatlılığı və xəzinədarlıq kimi istiqamətlər olacaq.
“Beləliklə, risk idarəçiliyi və tədqiqatlar istiqamətini kurasiya edən Nizami Qədirov və maliyyə nəzarəti bloku üzrə məsul olan Elşən Hacıyevlə birlikdə bankdakı icraçı direktorların sayı 6-ya çatıb”, - deyə məlumatda qeyd olunur.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir.*
Ə.Məmmədov