2018-ci ildə Hesablama Palatası 53 audit yoxlaması və 5 analitik tədbir keçirib. Bu barədə Palatanın sədri Vüqar Gülməmmədov məlumat verib.
"Yoxlamalar nəticəsində ümumilikdə 714 müxtəlif pozuntu aşkar edilib. Pozuntular daha çox büdcə, mühasibat uçotu, dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə bağlı olub", - deyə V.Gülməmmədov bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qurumun 2018-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zaman bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə yoxlamalar və analitik tədbirlərlə əhatə edilmiş vəsaitin ümumi həcmi 9,3 mlrd. manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 15,7% azdır.
"2018-ci ildə aparılan yoxlamalar nəticəsində 22,3 mln. 214,9 min manat, 225,6 min dollar, 52,2 min avro və 27,4 min İsveçrə frankı dövlət büdcəsinə qaytarılıb", - deyə V. Gülməmmədov qeyd edib.
Onun sözlərinə görə, bundan başqa, 472,4 min manat müxtəlif təşkilatların hesablarına, 732,2 min manat isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunub.
Bütövlükdə, 2014-2018-ci illərdə Hesablama Palatası tərəfindən aparılan yoxlamalar 72,1 mln. manat məbləğində vəsaiti bərpa etməyə imkan verib, bunun 69,5 mln. manatı dövlət büdcəsinə, 2,6 mln. manatı DSMF-yə, 2,2 mln. manatı isə müəssisələrin hesablarına qaytarılıb”, - deyə sədr bildirib.*
Ə.Məmmədov