Həll edilməmiş münaqişələr regional əməkdaşlıq, ümumi etimad mühitinin və MDB-nin bütün iştirakçı dövlətləri arasında daha sıx qarşılıqlı əlaqələrin yaradılması üçün əsas maneədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.
“Təəssüflər olsun ki, MDB məkanında hələ də regional əməkdaşlıq, ümumi etimad mühitinin və MDB-nin bütün iştirakçı dövlətləri arasında daha sıx qarşılıqlı əlaqələrin yaradılması üçün əsas maneə olan həll edilməmiş silahlı münaqişələr mövcuddur. Ekstremizm və təcavüzkar separatizm ərazi iddialarına əsaslanan dövlətlərarası münaqişələrin kök səbəbidir və bir çox hallarda dövlətlərin ərazi bütövlüyünün pozulmasına gətirib çıxarır”, - E.Məmmədyarov Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, Şuranın iclası beynəlxalq ictimaiyyətin sülhə, təhlükəsizliyə və dayanıqlı inkişafa yeni təhlükələrlə üzləşdiyi bir vaxtda keçirilir.
“Beynəlxalq arenada təşəkkül tapan yeni reallıqlar regional sabitlik və təhlükəsizliyə olan təhdidlərə qarşı mübarizə məqsədilə, terrorizmə, separatçılığa, ekstremizmə, silahların və narkotiklərin qanunsuz dövriyyəsinə, habelə kibercinayətlər əleyhinə mübarizə sahəsində bütün dövlətlərin səmərəli əməkdaşlığını tələb edir. Biz o mövqedən çıxış edirik ki, beynəlxalq hüququn ümumən qəbul edilən prinsipləri və normalarına uyğun olaraq, münaqişələrin tezliklə suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında həll olunması, şübhəsiz, regional və beynəlxalq təhlükəsizliyin, sosial tərəqqinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək”, - nazir vurğulayıb. **
Ə.Məmmədov