Azərbaycan Silahlı Qüvvələri düşmənin törədə biləcəyi istənilən təxribata qətiyyətli cavab verməyə və aktiv döyüş əməliyyatlarının başlanmasına hazır olmalıdır. Müdafiə Nazirliyindən verilən məlumata görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
“Keçirilən bütün təlimlər genişmiqyaslı hücum əməliyyatlarının aparılması məqsədinə xidmət edir”, - Z.Həsənov aprelin 6-da Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə bildirib.
Nazir qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin son zamanlar səsləndirdiyi məsuliyyətsiz çıxışlar cəbhə xəttində gərginliyin artmasına səbəb olur.
“Nazir bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, hərəkətinin nəzarətdə saxlanılması, onun törədə biləcəyi istənilən təxribata qətiyyətli cavab vermələri və hər an aktiv döyüş əməliyyatlarının başlanmasına hazır olmaları barədə konkret göstərişlər verib”, - məlumatda deyilir.
Z.Həsənov “döyüş hazırlığı planına uyğun olaraq, xüsusilə gecə vaxtı, döyüş şəraitinə, real əraziyə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin, bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi, birlik və birləşmələrin silah, döyüş və xüsusi texnikasının yay mövsümündə istismar rejiminə keçidinə hazırlığın təşkili” ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib. **
R.Babayev