SOCAR (ARDNŞ) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yerli istehsalın təşviqi məqsədilə elektron portal yaradacaq.
Bazr ertəsi SOCAR və İİTKM arasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə dair Anlaşma Memorandumu imzalanıb. “İnterfaks-Azərbaycan”ın müxbirinin məlumatına görə, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Mərkəzin icraçı direktoru Vüsal Qasımlı imzalayıblar.
Memoranduma əsasən, SOCAR-ın il ərzində istifadə etdiyi və ölkə daxilində istehsal edilməsi mümkün olan mal-material tələbatı və texniki avadanlıqlara göstərilən xidmət növləri haqqında məlumatlar portalda yerləşdiriləcək.
Həmçinin portalda kiçik və orta sahibkarlar üçün münasib şərtlər əsasında seçim məqsədilə SOCAR-ın bəzi tender elanları yerləşdiriləcək. Hazırda bu cür elanlar SOCAR-ın saytında yerləşdirilir və əsasən iri təchizatçıların seçimi üçün nəzərdə tutulur.
“Portalda SOCAR-ın istehsalat məqsədləri üçün mütəmadi istifadə etdiyi mal-material və xidmətlərin siyahısı yerləşdiriləcək. Həmin material və xidmətlərin həcmi və dəyəri də qeyd olunacaq. Həmin şərtlərə uyğun təklif verən kiçik və orta sahibkarlar ilə uzunmüddətli sazişlər bağlanacaq”, - R.Abdullayev qeyd edib.
Portal İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə ediləcək.
V.Qasımlı bəyan edib ki, portal qısa zamanda təqdim olunacaq. **
N.Abbasova