Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstana daşımaların həyata keçirilməsi məqsədilə NATO üzv ölkələri üçün hava dəhlizini bağlamasına dair məlumatı təkzib edib.
Öncə Almaniyanın Spiegel nəşrinin yaydığı məlumata görə, mart ayından etibarən Azərbaycan NATO-nun təyyarələrinin Əfqanıstana uçması üçün öz ərazisindən keçən dəhlizdən istifadəsinə icazə vermir.
“Bu əsassız ittihamlar konkret faktlara əsaslanmır. Azərbaycan tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq NATO üzv ölkələri ilə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır”, - XİN-in mətbuat katibi Leyla Abdullayevanın bəyanatında deyilir.
Onun sözlərinə görə, Almaniya mətbuatında dərc olunan məlumat və ittihamlar (dəhlizin bağlanması barədə - İF) anlaşılmazlıq yaratmaqla yanaşı, həmçinin Azərbaycana qarşı müəyyən qərəzli yanaşmadan xəbər verir. **
F.İsazadə