Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri David Tonoyanın bəyanatını beynəlxalq terrorçulara xas olan çıxış adlandırıb.
“Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heçbir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir. Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi Yerevanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O hesab edir ki, erməni nazirin son çıxışları Nikol Paşinyan hakimiyyətinə qarşı yönəlib və D.Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir.
“Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”, - deyə V.Dərgahlı qeyd edib.
Xatırladaq ki, D.Tonoyan “Mediamaks” nəşrinə müsahibəsində deyib: “Lazım gəlsə, bizim hücum qruplarımız düşmənin ərazisində xaos yarada bilərlər. Düşmənin bir nöqtədə təxribata yol verəcəyi təqdirdə Ermənistan ordusu təkcə B nöqtəsinə deyil, C, D, E nöqtələrinə də zərbə endirə bilər”.*
F.İsazadə