2019-cu ilin I rübündə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 52,4 mln. manat təşkil edib.
“Cari ilin yanvar-mart aylarında 796 ailəyə 52,4 mln. manat məbləğində ipoteka krediti verilib”, - deyə məlumatda bildirilir.
1 aprel 2019-cu il tarixinə İKZF-nin xətti ilə 26 mindən çox ailəyə 1,2 mlrd. manatdan artıq ipoteka krediti, eləcə də 380,3 mln. manat məbləğində 7,854 min sosial ipoteka krediti verilib.
Fondun məlumatına görə, hazırda 24 bank, 18 sığorta şirkəti və 17 qiymətləndirici İKZF-nin agenti qismində çıxış edir.
2018-ci ildə 3,96 min ailəyə 273 mln. manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
A.Əzizov