Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Bakıda Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni layihələri müzakirə ediblər.
“Görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən Azərbaycan Ordusunun döyüş qabiliyyətini gücləndirəcək yeni hərbi-texniki layihələr müzakirə olunub”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Tərəflər iki ölkənin Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşlərin təşkili, birgə hərbi təlimlərin keçirilməsi, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar.
Səfir M.Boçarnikov Rusiyanın Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Andrey Aleksensevi Z.Həsənova təqdim edib.
“Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edib və Bakı ilə Moskva arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində uğurlar arzulayıb”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə